00:00 - 12 Aprel 2017

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Hindistanda keçirilən Kəlküttə Beynəlxalq Film Festivalının “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...

 

Qeyd edək ki, “Çölçü” bədii filmi beş qitəni əhatə edərək 32 beynəlxalq kino festivallarında iştirak edib, bir sıra mükafatlara layiq görülüb. Bu festivallar A və B kateqoriyalı festivallardır. Festivallar çərçivəsində iştirak etdiyi ölkələrin siyahısına ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Birləşmiş Krallıq, İtaliya, İspaniya, Serbiya, Rusiya, Çexiya, Misir, İndoneziya, Hindistan, Türkiyə, Qazaxıstan, Tacikistan, Banqladeş, Ukrayna, Estoniya daxildir.

 

“Çölçü” filmi 4 dəfə ən yaxşı film kimi baş mükafatlara, 3 dəfə ən yaxşı rejissor işinə görə, ən yaxşı ssenari, ən yaxşı qadın oyunçu, yaradıcılıq axtarışlarına görə, jürinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.