Görkəmli kinorejissor Şamil Mahmudbəyovun əziz xatirəsi anılıb

12:38 - 6 Fevral 2024

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor Şamil Mahmudbəyovun anadan olmasının 100 illiyi  münasibəti ilə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri  sənətkarın məzarını ziyarət edib, önünə əklil və  çiçəklər düzüblər.

Anım mərasimində mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycan kino sənətinə dəyərli töhfələr vermiş Şamil Mahmudbəyovun mənalı ömür yolu və zəngin yaradıcılığı barədə danışıb. O qeyd edib ki, Şamil Mahmudbəyovun sənəti, yaradıcılığı kino sənətimizin, xalqımızın dəyərli incisidir. Çəkdiyi filmlər görkəmli sənətkarı yaşadıb və yaşadacaq.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova  Şamil Mahmudbəyovun rejissoru olduğu “Qaraca qız” (1966) filmində rol almasını, onunla birlikdə çalışdığı dövrdə sənətkarın necə səmimi və təvəzökar insan olmasını xatırlayıb. O qeyd edib ki, Şamil Mahmudbəyovun yaradıcılığı Azərbaycan kino tarixinin ayrılmaz hissəsidir , onun filmləri əbədidir və  daim yaşayacaq.

Xalq artisti Oqtay Mirqasımov Şamil Mahmudbəyovun Azərbaycan kinosunun inkişafı naminə gördüyü işlərdən söhbət açaraq, onun xatirəsinin hər zaman əziz tutulacağını vurğulayıb.

Dövlət Film Fondunun direktoru , Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şamil Mahmudbəyovun həyat yolunu və yaradıcılığını xatırlayıb.O, Şamil Mahmudbəyovun İkinci Dünya müharibəsinə könüllü yollanması, müharibədən qayıtdıqdan sonra Moskva  Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alaraq ölkəmizə qayıtması və  Azərbaycan kinosu naminə uğurlu fəaliyyəti barədə ətraflı çıxış edib.

Anım mərasimində çıxış edən natiqlər Şamil Mahmudbəyovla bağlı fikirlərini bölüşüb və onun Azərbaycan kino tarixinə bəxş etdiyi bənzərsiz ekran əsərlərindən danışıblar.