Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqının üzvü, Xalq artisti Tariyel Qasımovun 85 yaşı tamam olur.
Tariyel İsgəndər oğlu Qasımov Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə - Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1964-cü ildən (müəyyən fasilə ilə) Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir neçə tamaşanın quruluşçu rejissorudur.
Tariyel Qasımovun kinoda debüt rolu “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Dağ meşəsindən keçərkən…” novellasında geoloq obrazıdır. Aktyorun növbəti rolu kinorejissor Rüfət Şabanovun quruluş verdiyi “Liftçi qız” novellasında Nəriman obrazı oldu. O, bu filmdən sonra “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 40-dan çox filmdə maraqlı, dolğun obrazlar canlandırdı. Aktyor “Azərbaycanfilm” kinostudiyasından başqa “Türkmənfilm”, “Tacikfilm”, “Özbəkfilm”, “Mosfilm”, “DEFA” (Almaniya) kinostudiyalarında istehsal olunan bir sıra filmlərə çəkilib. “Rüstəm və Söhrab” (1969–1971, “Tacikfilm”), “Qızıl rəngi” (1975, “Türkmənfilm”), “Çilidə gecə” (1982, “Mosfilm”), “Əlvida, yaşıl yay” (1983, “Özbəkfilm”), “Həyatın mənası” (1983, “Özbəkfilm”), “Alovlu yollarla” (1981–1983, “Özbəkfilm”), “Sahib” (1983, “Özbəkfilm”), “Sonya raport verir” (1983, DEFA-Almaniya) filmərində müxtəlif obrazlar yaradıb.
Tariyel Qasımovun sənətdəki xidmətləri Dövlət tərəfindən yüksək qiymətləndirilib. 1979-cu ildə Əməkdar, 1991-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2018-ci ildə III dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqının təsisçiləri və idarə heyəti, Xalq artisti Tariyel Qasımovu 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı və yaradıcılıq fəaliyyətində uğurlar arzulayır!