Fevralın 1-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun 90 illik yubileyi münasibətilə bədii-musiqili axşam təşkil olunub.
Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova və rejissorun ailəsi adından nəvəsi Nərminə Həsənova çıxış ediblər.
Çıxışlarda Rasim Ocaqovun mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açılıb, onun Azərbaycan kino sənətində tutduğu önəmli yerdən bəhs edilib. Qeyd olunub ki, Azərbaycan kino sənətinə yeni nəfəs və üslub gətirən rejissorun filmoqrafiyası yeni bir mərhələni təşkil etməklə yanaşı, Azərbaycan kinosunu ölkə hüdudlarından kənarda tanınmasına da töhfə verib.
Diqqətə çatdırılıb ki, bir gün əvvəl Vyanadakı Azərbaycan icması üçün R.Ocaqovun bir sıra filmlərində rol almış tanınmış aktyorlar - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova və Xalq artisti Fəxrəddin Manafov ilə görüşdə rejissorun həyatı, yaradıcılığı geniş işıqlandırılıb, onun quruluş verdiyi filmlərin mövzu zənginliyindən və mahiyyətindən söhbət açılıb.
Sonra Xalq artistləri Şəfiqə Məmmədova və Fəxrəddin Manafov rejissor barədə xatirələrindən danışıblar. Bildirilib ki, dahi rejissorun doğulduğu Şəkidən başlayaraq bir sıra şəhərlərdən sonra Avropa mədəniyyətinin beşiyi Vyanada yubiley mərasiminin təşkili böyük önəm daşıyır.
Daha sonra Rasim Ocaqovun filmlərinə bəstələnmiş musiqi parçaları və onun ekran əsərlərində istifadə etdiyi mahnılardan ibarət konsert proqramı təqdim olunub. Konsertdə bəstəkarlar Qara Qarayevin, Cahangir Cahangirovun, Emin Sabitoğlunun R.Ocaqovun bədii filmləri üçün bəstələdikləri melodiyalar, eləcə də müxtəlif bəstəkarların əsərləri, xalq mahnıları və rəqslər ifa edilib. Hər bir filmə aid ifa ilə yanaşı, böyük ekranda həmin filmdən fraqmentlər nümayiş olunub.
Abuzər Manafzadə (fortepiano), Elşən Qarayev (qarmon) və Beri Bedelhaminin (vokal) təqdim etdiyi parçalar tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Konsertdən sonra Rasim Ocaqovun həyat və yaradıcılığını fəaliyyətini əks etdirən videoçarxlar və fotosərgi nümayiş olunub.