Bu gün Azərbaycanın Xalq artisti Hacı İsmayılovun 80 yaşı tamam olur.
İsmayılov Hacı Məcid oğlu 1944-cü il yanvarın 22-də Bakıda anadan olub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib.1970-ci il fevralın 16-dan Akademik Milli Dram Teatrında çalışır.Elə ilk gündən H. Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb. Aktyorun filmoqrafiyasında "Ad günü" , "Yol Əhvalatı", "Bağlı qapı", "Bəyin oğurlanması", "Həm ziyarət, həm ticarət", "Əlvida cənub şəhəri ", "Fəryad ", və s. maraqlı ekran əsərləri var.
"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adı ilə təltif olunub.Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.Yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur. 2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti Hacı İsmayılovu yubiley yaşı münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayır.