Görkəmli nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəzirolunun 70 yaşı tamam olur.
Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur.1971–1972-ci illərdə ADU-nun hazırlıq fakültəsində, 1972–1977-ci illərdə həmin universitetin jurnalistika fakültəsində, 1985-ci ildə isə M. Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsində təhsil alıb.
Təhsil illərindən sonra Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı, 1979–1991-ci illərdə məsləhətçi, 1989-cu ildə "Molla Nəsrəddin" jurnalının baş redaktoru olaraq çalışıb.
1991-ci ildən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
B.Vəziroğlu ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlayıb.
Elə həmin ildən də dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış etməyə başlayıb. Klassik rus şairlərindən tərcümələr edib, əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
İ.L.Karacalenin "İtirilmiş məktub" dram əsərini(1983) Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülüb.
1997–1998-ci illərdə "Mir" Dövlətlərarası Teleradio Şirkətində redaktor, 1998–2002-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor olub.
2002-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.
Baba Vəziroğlunun ssenariləri əsasında “Haradan başlanır vətən”, “Elegiya” sənədli filmlərinin, eləcə də “Həsən Seyidbəyli”, Rəşid Behbudovu tərənnüm edən “Yeri boş qalan adam”, Həsən Turabovun ömür yolunu işıqlandıran “Sənsiz və ya ömrün son axşamı”, bəstəkar Oqtay Kazımova həsr olunmuş “Beş nəğməlik ömür” və digər sənədli filmlər də çəkilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı dəyərli şairimiz Baba Vəziroğlunu yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır!