İlham Namiq Kamalın 75 illik yubileyidir

15:38 - 9 Yanvar 2024

Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, görkəmili teatr və kino aktyoru, Respublikanın Xalq artisti, İlham Namiq Kamalın 75 yaşı tamam olur.Ömrünün yarım əsrdən çoxunu teatr sənətinə bağlayan İlham Namiq Kamal 9 yanvar 1949-cu ildə Bakıda doğulub. O, 1966-1970-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram-kino aktyorluğu” fakültəsində təhsil alıb. Tələbə vaxtı Molyerin "Jorj Danden” komediyasında baş qəhrəman rolunu uğurla ifa etdiyindən onu institutun Tədris Teatrının aktyor truppasına qəbul ediblər. 1972-ci ildə Akademik Milli Dram Teatrına dəvət alan aktyor bu səhnədə Müsyö Jordan ("Müsyö Jordan və Dərviş Məstəli şah”), Sarı Qarayev ("Varlı qadın”), Zaman müəllim ("Bu dünyanın adamları”), Gülən adam ("Hərənin öz payı”), Kişi ("Mənim ərim dəlidir”), doktor Qaratay ("Afət”) kimi rollarda çıxış edib. 1989-cu ildən Dövlət Gənclər Teatrında çalışan İlham Əhmədov burada Məsuliyyətsiz ("Çarəsiz sərnişinlər”), Dadaşbala ("Dadaşbala əməliyyatı”), Sultanqulu ("Sultanqulu körpüsü”), Kələntər ("Dağ tikirik”), Daniel ("Arvadımın qatili”), Kazbek ("Arvadımın əri özüməm”) kimi baş rolların ifaçısı olub.

 

İlham Əhmədov Azərbaycan Dövlət Musiqili Teatrında E.Mansurov və G.Xuqayevin “Sevgilimin anası” (Albadam), F.Qarayev və E. de Flipponun ”Filumeno Marturano” (Dominisko Soriano), O.Rəcəbov və A.Babayevin “Şeytanın  yubileyi” (Meydan), R.Mirişli və M.Haqverdiyevin “Qısqanc ürəklər” (polkovnik Mikayıl), F.Sücəddinov və T.Vəliyevanın “Mən dəyərəm min cavana” (İbad İbadov), M.Məmmədovun “Matəm marşı və ya gözünüz aydın” (Əhmədağa), E.Sabitoğlu və T.Vəliyevanın “Bankir adaxlı” (Atakişi), R.Mirişli və M.Haqverdiyevin “Amerikalı kürəkən” (Orxan), Ü.Hacıbəylinin “Ər və arvad” (Mərcan), E.Sabitoğlu və C.Məmmədovun “www. ferzeli-kef.com” (Fərzəli), R.Hacıyevin “Qafqazlı qardaşqızı” (Bəbirli) tamaşalarında özünəməxsus rollar yaradıb. Peşəkar aktyor həm də  “Şeytanın yubileyi” və “Amerikalı kürəkən” əsərlərinə quruluş verib.

"Azərbaycanfilm”in istehsal etdiyi ekran əsərlərində, onlarca televiziya verilişində satirik obrazlarda, "Mozalan” satirik kinojurnalında yüzə yaxın bədii süjetdə uğurla çıxış edən aktyor tamaşaçıların sevimlisinə çevrilib.

O, 1997-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, professordur. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2002-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. 2000-ci ildə "Qızıl Dərviş” mükafatına, 2013-cü ildə “Şöhrət” ordeninə layiq görülüb. 2012-ci ildən Prezident təqaüdçüsüdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı şöhrətli aktyoru 75 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, yeni yaradıcılıq uğurları arzulayır.