Tərlan Babayev -60

10:59 - 25 İyul 2023

25 iyul Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Tərlan Babyevin 60 illik yubiley yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti Tərlan Babayevi ürəkdən təbrik edir, ona cansağlığı və işlərində uğurlar arzulayır.

            Tərlan Adil oğlu Babayev 25.07.1963- cü ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1984-1988). İran İslam Respublikasının Mədəniyyət və İslama çağırış Nazirliyinin “Fanus Xəyal” kino məktəbində ”kino istehsalı və hazırlanması” üzrə Ali kursları bitirib (2007-2012). 1989-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının iqtisadiyyat şöbəsinin müdir müavini (2000-2002), “Mozalan” studiyasının icraçı direktoru işləyib (2007-2008). O, bir çox Azərbaycan filmləri ilə yanaşı, eyni zamanda xarici film istehsalçılarının “Məlaikə günü” (1992, rejissor Behruz Əfğəmi / İran) filmində direktor, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində direktor müavini, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernayayev / Rusiya) serialında aktyor kimi çalışıb. 2018-ci ildə kino sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.