“Xəzər neftçiləri haqqında dastan” -70

14:36 - 10 İyul 2023

Bu il “Xəzər neftçiləri haqqında dastan” tammetrajlı bədii-sənədli filminin ekranlara çıxmasından 70 il ötür.

Kino əsəri dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan Bakı neftçilərinin əmək qəhrəmanlığından bəhs edir. Bu bədii-sənədli film nəinki Azərbaycan kinosunda, həm də bütünlükdə sovet sənədli kinematoqrafiyasının inkişafında görkəmli rol oynamışdır.

Burada Neft daşlarının yaradılmasından, əmək qəhrəmanları Qurban AbbasovMixail Kaveroçkin və başqa neftçilərin hünərindən, ilk buruğun neft fontanı vurmasından, neftçilərin qəhrəmanlıq göstərərək buruqda baş verəcək fəlakətin-yanğının qarşısını almalarından danışılır.

1960-cı ildə rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov, Sergey Medinski filmə görə “Lenin” Mükafatına laiq görülmüşdülər . Qeyd edək ki filmin ssenari müəllifləri İosif Osipov, İmran Qasımov və Roman Karmen olmuşdur.

2008-ci ildə filmin ilk rəngli elektron nüsxəsi Rusiya arxivindən Dövlət Film Fonduna hədiyyə olunmuşdur. O vaxta qədər fondda filmin ağ-qara versiyası saxlanılırdı.