Cəmil Quliyevin 60 illik yubileyidir

07:22 - 3 İyul 2023

3 iyul Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət xadimi Cəmil Quliyevin 60 yaşı tamam olur.  Yubiley münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti və rəhbərliyi Cəmil müəllimi ürəkdən təbrik edir, ona cansağlığı və yaradıcılıq uğurları arzulayır.

Cəmil Elşad oğlu Quliyev 03.07.1963 – cü ildə Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb (1980-1985, A.Alov və V.Naumovun emalatxanası). 1985-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. 1988-ci ildən M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti (1998-2006), Beynəlxalq Audiovizual Festivalın direktoru (2000-2005), Azərbaycan Dövlət Film Fondunun direktoru (2007-ci ildən), AzTV Mədəniyyət kanalının direktoru (2011-2013), İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru (2013-2018), “Azərbaycanfilm” kinostudiyasının direktoru (2018-2019) olub. O, “Humay” Milli Mükafatına (1998), “Zirvə” mükafatına (2010) layiq görülüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.