Mədəniyyət Nazirliyində ustad kinorejissor Oqtay Mirqasımovla görüş

12:16 - 14 İyun 2023

İyunun 13-də Mədəniyyət Nazirliyində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, kinodramaturq, Xalq artisti, professor Oqtay Mirqasımovla görüş keçirilib.

Sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edən nazir Adil Kərimli onun milli kinematoqrafiyanın inkişafına verdiyi töhfələri xatırladıb. Bildirilib ki, Oqtay Mirqasımovun lentə aldığı ekran əsərləri Azərbaycanın kino salnaməsini zənginləşdirib, özünəməxsus ideya-estetik meyarlarla bu sahənin tərəqqisinə yeni çalarlar bəxş edib.

Qeyd olunub ki, Oqtay Mirqasımovun Azərbaycan mədəniyyəti və kinematoqrafiyasının inkişafında mühüm xidmətlərinə görə ötən illərdə “Şöhrət” (2003) və “Şərəf” (2018) ordenləri ilə təltif olunması, iyunun 12-də – doğum günündə isə Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeninə layiq görülməsi və ordenin şəxsən dövlət başçısı tərəfindən ona təqdim edilməsi ustad kinorejissorun zəngin yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir.

Adil Kərimli Oqtay Mirqasımovu 80 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə bir daha təbrik edib, möhkəm cansağlığı və bundan sonra da həyat və sənət enerjisi ilə dolu uzun ömür arzulayıb.

Oqtay Mirqasımov ona göstərilən yüksək diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sənətkar ömrünü həsr etdiyi milli kinematoqrafiya sahəsinə bundan sonra da öz töhfəsini verməyə çalışacağını deyib.