ARKİ- gənc rejissor üçün Heydər Əliyev Fonduna müraciət ünvanladı

11:01 - 4 İyun 2023

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, gənc rejissor və ssenarist Lətif Lətifsoy Parisin ən tanınmış universitetində təhsil almaq şansını qazanıb. O, Sorbonne Paris Universitetində kino sahəsində ali təhsil alacaq ilk azərbaycanlıdır.

Uzun müddətdir ki, Fransada təhsil almaq üçün hazırlaşan Lətif Lətifsoy, bir çox prestijli universitetlərdən qəbul məktubu alıb. Onun seçimi isə xüsusilə incəsənət və humanitar elmlər sahəsi üzrə dünyanın ən nüfuzlu ali məktəblərindən hesab olunan Sorbonne Paris Universiteti olmuşdur.

Lətif fəaliyyətini müstəqil rejissor və ssenarist kimi davam etdirir. Hal-hazırda isə "Səlibçi" adlı qısametrajlı bədii filmin çəkilişləri ilə məşğuldur, eyni zamanda "Société du Cinéma" şirkətinin "İndulgensiya" adlı tammetrajlı bədii film layihəsi üzərində bir neçə fransız kino şirkəti ilə birgə işləməkdədir.

Gənc rejissorun "Anya" qısametrajlı filmi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Türkiye Sinema ve Televizyon Eseri Sahipleri Meslek Birliği"nin keçirdiyi 9-cu Beynəlxalq İpək Yolu Film Mükafatlarının həyata keçirdiyi beynəlxalq sənədli filmlər kateqoriyasında "Jürinin xüsusi mükafatı"na layiq görülüb. Həmin film, bundan öncə 38-ci Fəcr Beynəlxalq Film Festivalının iki əsas müsabiqə bölməsindən biri olan "Eastern Vista"ya seçilib.

Qeyd edək ki, Lətif Lətifsoyun Fransada yaşaması və təhsil alması üçün müəyyən xərclərinin qarşılanmasına ehtiyac yaranmışıdır. Bu məqsədlə də gənc rejissora  dəstək göstərilməsi üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Heydər Əliyev Fonduna rəsmi məktubla müraciət ünvanlamışdır. Müraciətin nəticəsinin müsbət olacağına inanır və gənc rejissorumuza gələcək təhsilində uğurlar arzu edirik.