YARAT Müasir İncəsənət Məkanı çoxdan idi belə premyera görməmişdi. Təqdimatına ölkənin tanınmış sənətkarlarının, rəsmilərinin, sahə mütəxəssislərinin, media mənsublarının, eləcə də kinomanların yığışdığı film iki il bundan əvvəl prokata hazır olsa da, geniş auditoriya onunla indi tanış olurdu. Söhbət 2022-ci ilin noyabrında Türkiyənin Bursa şəhərində keçirilən II Dədə Qorqud Türk dünyası film festivalında Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” bədii filmindən gedir. Həmin kinofestivalda filmin müəllifi “Türk dünyasının ən yaxşı rejissoru” mükafatına layiq görülüb. Münsiflər heyətinin, ümumilikdə, 13 ölkədən 42 film arasından məhz bu filmi seçməsi tam ədalətli olub.
Premyeradan sonra – yeddi ay əvvəl Bursada münsiflərin gəldiyi qənaətin təsadüf olmadığını tam əminliklə söyləyə bilərik. Birinci Qarabağ müharibəsindən sonra lentə aldığı, qarşıdakı qələbəmizi müjdələyən “Fəryad”, “Hər şey yaxşılığa doğru” filmlərinin müəllifinin yeni ekran əsəri bir növ əvvəlkilərin məntiqi davamıdır. Zəfərimizlə başa çatan Vətən müharibəsindən bəhs edən, tragikomediya janrında lentə alınmış, üç dildə (azərbaycan, rus, erməni) səsləndirilmiş yeni “Həyat, deyəsən, gözəldir” filminin müəllifi Vaqif Mustafayev bunları bizə ilk baxışdan öncə söylədi: “Filmdə söhbət heç də bu və ya digər millətdən getmir. Motiv odur ki, bəzi neqativ qüvvələr o yazıq milləti hara aparır? Bədbəxtliyə doğru aparır. Onlara “Böyük Ermənistan” xəyalı, “Dənizdən-dənizə” qədər lazım idi? İnanın, bu filmi çəkəndə heç janrı düşünməmişəm. Həyatda necədirsə, filmdə də elədir”.
“Həyat, deyəsən, gözəldir” bədii filminin yaradıcı və texniki heyətini səhnəyə dəvət edən V.Mustafayev onların haqqında minnətdarlıq dolu ürək sözlərini dilə gətirdi və zəhməti keçmiş hər kəsə təşəkkürünü bildirdi. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradzenin çəkildiyi filmin rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur.
Yeni ekran əsəri və onun müəllifi haqqında söz demək üçün səhnəyə qalxan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov xalqın yaddaşında, mədəniyyət tarixində bu sahəyə rəhbərlik edən məmurların deyil, əsl sənətkarların qalacağını, kinorejissor Vaqif Mustafayevin də məhz belə ustadlardan biri olduğunu söylədi.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova bu il milli kinomuzla bağlı bütün tədbirlərin Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini xüsusi olaraq vurğuladı. İki il əvvəl ssenarisini oxuduğu ekran əsərinə indi ilk dəfə baxacağını deyən Ş.Məmmədova vaxtilə Moskvada dahi rejissor Eldar Ryazanovun kursunu bitirmiş V.Mustafayevin tragikomediyanın yeni, bənzərsiz çalarlarını milli kinomuza gətirən istedadlı rejissor olduğunu əminliklə ifadə etdi və ona yeni yaradıclıq uğurları dilədi. Xalq artısti, kinorejissor Oqtay Mirqasımov V.Mustafayevin bugünədək qazandığı sənət uğurlarından söz açaraq, onu Azərbaycan kinosunda özünəməxsus dəst-xətti, yolu və yeri olan maestro saydığını fəxrlə vurğuladı.
“Bu film bədnam qonşularımızın, erməni cəmiyyətinin xəstə ruhunun bütün məziyyətlərini açıb göstərməyə xidmət edir”, – deyən Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəftər Hüseynov əsərin müəllifini milli kinematoqrafiyada yeni cığır açmış ustad adlandırdı.
…Sonra premyera başladı. Tragikomediya janrında çəkilmiş, sürrealist üslubun da boy verdiyi filmin tamaşaçının vətənpərvərlik duyğusunu coşduran, milli kimliyini qürurlandıran epizodları zalın alqışları ilə müşayiət olunur, yerlərdən “Bravo!” sədaları yüksəlirdi. Kifayət dərəcədə ideoloji yükə malik olmasına baxmayaraq, müəllif müharibənin acı gerçəkliyinə söykənən, hərdən seyrçi ilə qəhrəmanlarının bədən dilində danışan, metafora ilə süslənən, süjet boyu ironiya və gülüşün simbiozunu sərgiləyən ekran əsərinin finalında erməni qəhrəmanını işığa, Günəşə doğru aparır. Axı Günəş yalnız işiğın, istinin mənbəyi deyil, həm də hər şeyin yaxşılığa doğru dəyişəcəyinə ümidlərin, nikbinliyin, gözəlliyin rəmzidir. Deyəsən, həyat da məhz buna görə çox gözəldir…
P.S. Bursa kinofestivalında qəbul edilmiş yekdil qərara əsasən, III Dədə Qorqud Türk dünyası film festivalı 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunmuş Şuşa şəhərində keçiriləcək.
28 may 2023 - cü il.
"Xalq qəzeti"