Milli kinomuzu zənginləşdirən rejissor

12:06 - 14 İyun 2023

Azərbaycan kino sənətinə şərəf gətirən rejissor və ssenarist Oqtay Mirqasımovun beş il əvvəl Prezident tərəfindən “Şərəf”, dünən isə “İstiqlal” ordeninə layiq görülməsi onun halal haqqıdır. Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olan istedadlı sənətkar “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başladığı gündən ötən 55 il ərzində milli kino sənətimizin inkişafına və dünyada tanıdılmasına dəyərli töhfələr verib. Hazırda Xalq artisti, ARKİ İdarə Heyətinin katibidir. 

Oqtay Mirqasımov alim ailəsində do­ğulub. Atası – tibb elmləri doktoru Mir Əsədulla Mirqasımov AMEA-nın ilk pre­zidenti olub. Qardaşı Rüfət Mirqasımov ailə ənənəsi üzrə gedərək, elmə könül verib və fizika-riyaziyyat elmləri doktoru, AMEA-nını müxbir üzvlüyünə qədər yük­səlib. Amma Mirələsgər heykəltəraşlığı seçib, Xalq rəssamı olub. Oqtay Mirqa­sımov isə taleyini kinoya bağlayıb. Qızı Ayanı da, necə deyərlər, öz tərəfinə çəkə bilib: teatr və kino aktrisası olan Ayan xa­nım da atası kimi, Xalq artisti fəxri adına layiq görülüb.

Övladın ata haqqında dedikləri: “Mən atamla ilk dəfə "Ovsunçu" filmində iş­ləmişəm. Həmin filmə çəkilən zaman özünə inamsızlıq hissi yaşayırdım. Bil­mirdim çəkiliş vaxtı onunla ünsiyyətim necə alınacaq. Amma birinci gündən biz ata və qız fikrindən uzaqlaşdıq. Bundan sonra heç bir qorxu, həyəcan, kompleks yaşamadım. Onun çəkilişdəki davranışı, sözün yaxşı mənasında, məni təəccüb­ləndirir”.

...Aprel ayında redaksiyamızda Oq­tay Mirqasımovun iştirak etdiyi dəyirmi masada milli kinomuzun bu günü və sa­bahı ilə bağlı qayğılardan ətraflı söhbət açıldı. Görkəmli sənətkarın fikirlərində tənqidi notlar da vardı, amma nikbin bir ruh duyulurdu. Baş redaktorumuz Əfla­tun Amaşov illər öncə Monqolustanda keçirilmiş Azərbaycan mədəniyyəti festi­valını xatırlayaraq dedi: “Oqtay Mirqası­mov da orada idi, “Şeytan göz qabağın­da” filmini aparmışdı. Həmin film neçə dəfə nümayiş olundu. Qəzetlər yazırdı ki, nə əcəb sovet vaxtında belə film çəkilib? Aktual məsələnin qoyuluşu və filmin o cür dəyərləndirilməsi fərəhli idi. Axşam isti­rahəti saatlarında insanların yaxınlaşa­raq Oqtay müəllimdən avtoqraf istəmələri hər birimizə xoş təsir bağışlayırdı”. 

Oqtay müəllim təsdiqlədi ki, doğru­dan da, o vaxt film öz sözünü dedi. Son­ra da vurğuladı ki, Heydər Əliyevin kino, ümumiyyətlə, mədəniyyət, incəsənət və teatr strategiyası məhəbbət üzərində qu­rulmuşdu. “O bu sahəni sevdiyinə görə izləyir, diqqətində saxlayırdı. Ulu öndər senzuranın bizə olan hücumlarına belə­cə sipər çəkirdi. Budur, artıq kinomuzun 125, kinostudiyamızın 100 illiyini qeyd edirik. Qazanılan bütün nailiyyətlərə görə məhz ulu öndərin ölməz ruhuna borclu­yuq... Biz əxlaqi özəlliklərimizi Qərbin yeni dəblərinə qurban verməməliyik. Mentallığı qorumasaq, dağıdıcı proses­lərə rəvac vermiş olarıq”. 

Sonda Oqtay Mirqasımov bizə töv­siyə verdi: “Yaxşı olar ki, “Xalq qəzeti”ndəayrıca bir rubrika yaradılsın və orada xalqın sərvəti olan kinomuz haqqında ki­çik təəssüratlar yer alsın, fikirlər söylən­sin. Hətta düz yoldan sapa biləcək gənc rejissorlara tövsiyələr də qəzet səhifə­sinə çıxarılsın...”

Səksən yaşlı sənətkarın filmoqrafi­yasında sıralama sayı 60-dan yuxarıdır. Onun rejissor, ssenarist və aktyor kimi iş­tirak etdiyi sevilən, yaddaqalan çox say­da bədii, sənədli filmləri var. “Cin mikrora­yonda”, “Dantenin yubileyi” kimi populyar filmləri sadalamaq olar.

Oqtay müəllim daim ciddi yaraqdıcı­lıqla məşğul olmaqla yanaşı, milli mədə­niyyətimizin saflığını qorumaq uğrunda da mübarizə aparıb. Elə aprel ayında “Azərbaycan Kinosu - 125: Reallıq, Çağı­rışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumundakı çıxışı da bu baxım­dan ibrətamiz idi: "Bu gün təəssüf ki, ölkədəki kinoteatrlarda millətin zövqünü xarab edən bayağı, primitiv filmlər nü­mayiş olunur... Azərbaycan cəmiyyətinə bəzən elə filmlər təqdim olunur ki, bax­dıqca xəcalət çəkirsən. İstəmirəm belə filmlər nümayiş olunsun”. 

Görkəmli rejissorun nümunə ola biləcək filmləri çoxdur. Məsələn, 2008-ci ildə onun ssenarisi və quruluşunda lentə alınmış “Günaydın, mələyim” bə­dii filmində Vətənimizin ağrısı, taleyi və gələcək (o zaman üçün) qələbəsi də var. O.Mirqasımov o filmdə xalqımızın 2020-ci ildə Vətən müharibəsindəki qələbəsini irəlicədən görüb və göstərib. Qəribədir ki, repertuar siyasətini müəyyənləşdirən kimlərsə düz 12 il filmin nümayişini lazım bilməyiblər. Nəhayət, 2020-ci ildə İTV “Günaydın, mələyim”i göstərib.

Qısa qeydlərimizi yubilyarın bir ibrə­tamiz fikri ilə tamamlamaq istəyirik: “Arzu etməyi bacarmaq, saf niyyətli olmaq la­zımdır”. Biz də Oqtay müəllimə uzun və sağlam ömür arzulayırıq!

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

13.06.2023