00:00 - 10 Oktyabr 2017

Oktyabrın 6-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru, Əməkdar İncəsənət Xadimi Arif Nərimanbəyovun xatirə gecəsi keçirilib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə reallaşıb.

Əvvəlcə qonaqlar görkəmli kinorejissorun həyat və yaradıcılığına həsr olunmuş fotosərgiyə baxıblar. Daha sonra sənətkarın ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə və başqaları çıxış edərək görkəmli kinematoqrafçının keçdiyi həyat yolu və yaradıcılığından söhbət açıb, xatirələrini bölüşüblər.

Bildirilib ki, Azərbaycan kinosunun zəngin salnaməsini yaradanlar sırasında kinomuzun görkəmli kinooperatoru Arif Nərimanbəyovun xüsusi yeri var. Fərqli janrlarda, müxtəlif xarakterli filmlərdə operatorluq edib. Hansı janrda ssenari yazılırdısa, o janra uyğun öz təsvir üsulunu qururdu. O, “Fətəli xan”, “Bakının işıqları”, “Arşın mal alan” bədii filmlərində ikinci operator işləyib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, (M.Mustafayevlə birgə), “Leyli və Məcnun”, “Möcüzələr adası”, “Qaraca qız”, “İnsan məskən salır”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Həyat bizi sınayır”, “Var olun, qızlar”, “Ömrün səhifələri”, “Ürək, ürək”, “Dərviş Parisi partladır” (Z.Məhərrəmovla birgə), “Bayquş gələndə”, “Onun bəlalı sevgisi”, “Nizami”, “17 yaşlı oğlan” bədii filmlərinin quruluşçu operatoru olub.

 

Vurğulanıb ki, ondan artıq sənədli film çəkən quruluşçu operator A.Nərimanbəyov 1992-ci il mayın 16-da Bakıda vəfat edib.