TÜRKSOY Daimi Şurasının ötən ilin oktyabrında Şuşa şəhərində keçirilən 40-cı iclasında alınan qərara əsasən, “Nəsrəddin Xoca” (“Molla Nəsrəddin”) filmi çəkiləcək.
Təşkilata üzv ölkələrin mədəniyyət nazirliklərinin və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gələcək ekran əsəri Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor Vaqif Mustafayevin quruluşunda lentə alınacaq.
Filmin çəkilişinə hazırlıq çərçivəsində Vaqif Mustafayevin rəhbərliyi altında ölkəmizdən nümayəndə heyəti bu günlərdə Türkiyəyə səfər edib. Ankarada TÜRKSOY-un iqamətgahında təşkilatın Baş katibinin müavini Sayit Yusufla görüş keçirilib. Film layihəsinin həyata keçirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Vaqif Mustafayev deyib ki, çəkiliş qrupu Qazaxıstan, Qırğızıstan və Özbəkistanda filmin lentə alınacağı yerləri müəyyən etmək üçün araşdırmalar aparıb və bu ölkələrdə müvafiq görüşlər keçirib.
Rejissor, eyni zamanda, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin rəsmiləri ilə də söhbətlər aparıldığını diqqətə çatdırıb, qardaş ölkənin Ağşəhər və Əskişəhərdə çəkilişlərin aparılacağı yerlərin müəyyən ediləcəyini bildirib və bu prosesə verdiyi dəstəyə görə TÜRKSOY-a təşəkkür edib.
Görüşdə Türkiyədən sonra Türkmənistanda da bu istiqamətdə araşdırmaların aparılacağını deyən rejissor ilkin təhlil mərhələsinin may ayına qədər tamamlanacağını və çəkilişlərə bu ilin ikinci yarısında başlanacağını bildirib.
Sayit Yusuf Türk dünyasının məşhur kino sənətçilərinin iştirakı ilə həyata keçiriləcək layihənin qardaş xalqların ortaq mədəni irsini bir arada yaşatmaq və çəkiləcək filmlə dünyaya tanıtmaq üçün əhəmiyyətini vurğulayıb. O, başda rejissor Vaqif Mustafayev olmaqla çəkiliş qrupuna uğurlar arzulayıb.
Görüşdən sonra nümayəndə heyəti TÜRKSOY-un binası ilə tanış olub, qonaqlara qurumun fəaliyyəti haqqında məlumat verilib.