00:00 - 20 Dekabr 2017

S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinomatoqrafiya institutunda (ÜRDKİ) “MDB-nin iştirakçı dövlətlərinin milli kinomatoqrafiyalarının tarixi və onların kinosu və kino yaradıcılığının inkişafının perspektivləri” adlı beynəlxalq elmi konfrans keçirilmişdir” - kinoşünas Ülvi Mehdi Trend Life müxbirinə məlumat vermişdir.

 

Burada SSRİ respublikalarının kino istehsalının tarixini, həmçinin MDB, Baltika ölkələrinin və Gürcüstanın kinomatoqrafının müasir problem və perspektivlərini müzakirə etmək üçün məşhur rejissorlar, prodüsserlər və kinoşünaslar toplaşmışlar: Vladimir Malışev, Kiril Pazloqov, Sergey Solovyov, Rəşid Nuqmanov, Rüstəm Saqdullayev, Gülnarə Abikeyeva, Yusub Razıkov və başqaları.

 

Konfransın keçirilməsində məqsəd ölkələr arasında humanitar və iqtisadi əməkdaşlığın genişləndirilməsi, kino sənətinin inkişafının və kino istehsalatının formalaşması və mövcudluğunun təcrübəsi əsasında ümumi elm, təhsil, informasiya və mədəniyyət sahələrinin inkişafıdır.

 

MDB və Baltika ölkələri məruzəçiləri tərəfindən milli kinomatoqrafiyaların nailiyyətlərinin təqdimatı bu layihənin ən mühüm tərkib hissəsi olmuşdur. Ülvi Mehdi isə burada “Azərbaycan kinosu yüzillik özünüidentifikasiya axtarışlarında” məruzəsini təqdim etmişdir.

"Azərbaycan kinomatoqrafiyasının böyük tarixi var və sevindirici haldır ki, onun inkişafı müasir dövrdə də dayanmır, çox istedadlı gənc rejissor və aktyorlar meydana çıxır, tamaşaçıların böyük marağına səbəb olan filmlər çəkilir. Bizim filmlər daima beynəlxalq kino festivallarının mükafatlarına layiq görülür, ancaq Azərbaycan kinosunun yüzillik yolunun uğurla davam etdirilməsi üçün görüləsi işlər hələ çoxdur", - deyə Ülvi Mehdi qeyd edir.

 

Konfrans çərçivəsində “Akademik layihə” nəşriyyatının “ Rusiya və postsovet kinosunun tarixi və inkişafı haqqında kinoensiklopediyası” təqdim edilmişdir. Konfrans iştirakçılarının elmi işləri isə kollektiv monoqrafiyada toplanmışdır.

Müzakirə olunan məsələlərin mərkəzində yalnız kino sahəsinin sovet dövründə yaranan və fəal inkişaf edən tarixi-mədəni kök və əlaqələri deyil, həmçinin birgə film istehsalının inkişafı, MDB və keçmiş SSRİ ölkələrinin ərazisində  kino istehsalına dəstəyin mexanizm və alətlərinin formalaşması daxil olmaqla, kinomatoqrafiya  sahəsindəki qarşılıqlı əlaqə perspektivlərinin dərk edilməsi qoyulmuşdur.

 

Layihə ÜRDKİ, Mərkəzi Dövlət Kino muzeyi və MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun  dəstəyi ilə Yeni Kulturologiya İnstitutu tərəfindən həyata keçirilmişdir.