Ana səhifə  |   Az  |   Ru  |   En

İttifaqla Şuranın keçirdiyi birgə Film Festivalının qalibləri mükafatlandırılıb-FOTO

Noyabrın 24-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə keçirdiyi Film Festivalı qaliblərinin mükafatlandırılması mərasimi olub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, tədbirdə qrumun birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək festival haqqında məlumat verib.

Bildirilib ki, festivalda Şuranın dəstəyi ilə 2008-2016-cı illərdə ekranlaşdırılmış 100-dən artıq film iştirak edib. Peşəkar kino mütəxəssislərindən ibarət münsiflər heyəti festivala təqdim edilən ekran əsərlərindən birinci, ikinci və üçüncü yerin qalibi olan, həmçinin Şuranın xüsusi mükafatına layiq görülən filmləri seçib. Son illər ölkəmizdə film festivallarının coğrafiyasının genişləndiyini deyən C.Quliyev vurğulayıb ki, bir sıra dövlət qurumları da film festivallarının keçirilməsinə dəstək verir.

C.Quliyev deyib: “Bu festivala təqdim edilən ekran əsərləri Kinematoqrafçılar İttifaqının peşəkar münsiflər heyəti tərəfindən seçilib. Festivalda həyatımızın müxtəlif sahələrini əhatə edən ekran əsərləri yarışıb. Yüzədək ekran əsərinin qatıldığı festivaldakı filmlərin əksəriyyəti sənədli filmlərdir. Bu filmlər böyük zəhmət hesabına çəkilib. Biz çalışdıq ki, filmlərin çəkilişində əməyi olan insanları qiymətləndirək”.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev festivalın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, festival Şuranın maliyyə dəstəyi ilə QHT-lərin ölkəmizin milli maraqlarının ölkədə və beynəlxalq aləmdə təbliği, habelə ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə təşkil olunub. Bu məqsədlə Şura tərəfindən peşəkar mütəxəssislərdən ibadət münsiflər heyəti yaradılıb. A.Quliyev deyib ki, rəhbərlik etdiyi qurum yarandığı dövrdən bu günədək milli maraqlarımızın qorunması və cəmiyyətimizi narahat edən ictimai problemlərin həlli istiqamətində çoxlu sayda layihələr həyata keçirib və bu yöndə görülən işlərə dəstək göstərib.

"Biz festivalın keçirilməsi ilə bağlı qərar qəbul etdiyimiz zaman düşünürdük ki, belə filmləri festivala çıxara bilərik. Məlumdur ki, festivala Şuranın dəstəyi ilə bir sıra QHT-lərin çəkdiyi filmlər qatılıb. Bu filmlər festivalının keçirilməsi, həm də QHT-lər arasında sağlam rəqabət yaratmaq məqsədi daşıyır. Belə festivallar hər zaman öz aktuallığını saxlamalıdır. Az vəsaitlə gözəl ekran əsərləri yaratmaq həqiqətən də təqdirəlayiqdir”, - deyə A.Quliyev söyləyib.

Şura sədri bildirib ki, festivalda iştirak edən 100 film ölkəmizdə hazırlanıb. Onların içərisindən 15-dək film festivalın müxtəlif diplom və mükafatlarına layiq görülüb. QHT rəhbərlərinə müəyyən tövsiyələrlə müraciət edən Şura sədri deyib: “Biz hər zaman ortaya keyfiyyətli işlərin qoyulmasının tərəfdarıyıq . Festival elan edildikdən sonra Şuranın daxilində komissiya yaratdıq ki, yaxşı işləri seçə bilək. Tövsiyə edirəm ki, bu işlə məşğul olan QHT-lər hazırlanan film çarxlarının televiziyaların standartlarına uyğun gəlməsinə diqqət göstərsinlər”.

Münsiflər heyətinə təşəkkür edən C.Quliyev Kinematoqrafçılar İttifaqının gördüyü işlərdən danışıb, qalibləri təbrik edib.

Sonra qalib ekran əsərlərinin adları açıqlanıb. “25 ilin akkordları” filmi festivalın xüsusi mükafatına layiq görülüb. “Uçmaq istəyirəm” filmi birinci, “Əsgər atası” filmi ikinci və “Günahkarlar və günahsızlar” filmi isə üçüncü yeri qazanıb. Digər 11 ekran əsərinə festivalın diplomları təqdim olunub.

 

27.11.2017

Digər xəbərlər