00:00 - 30 Oktyabr 2017

Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktyoru, xalq artisti Ağasadıq Gəraybəylinin 120 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, tədbir Azərbaycan prezidentinin Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən təşkil edilib.

 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Teatr Muzeyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə A. Gəraybəylinin həyat və yaradıcılığına həsr edilən fotosərgi nümayiş olunub.

 

Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə, xalq artisti Hacı İsmayılov, teatrşünas Aydın Talıbzadə aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıb, onu böyük sənətkar kimi dəyərləndiriblər. Qeyd olunub ki, ekranda 100-dən artıq obrazlar qalereyası yaradan A. Gəraybəyli 1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb.

 

Xatirə mərasiminin sonunda A. Gəraybəylinin nəvəsi, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Gəray Gəraybəyli çıxış edərək babası haqqında xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.