00:00 - 5 Sentyabr 2017

Bu gün ən qocaman kinofestivallardan və kinematoqraf dünyasının ən əlamətdar hadisələrindən biri olan 74-cü Venesiya Beynəlxalq Kino Festivalı açılır.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, hər il İtaliyanın Lido adasında keçirilən bu festival təqribən iki ay davam edir.
Venesiya Festivalı İtaliya diktatoru Benito Mussolininin təşəbbüsü ilə 1932-ci ildə təsis edilib. Onun keçirilməsində, qısa müddət də olsa, iki dəfə fasilə yaranıb: İkinci Dünya müharibəsi illərində və 1960-cı illərin sonunda. Bu gün kino dünyasında dəbi, demək olar, Venesiya Kino Festivalı müəyyən edir. Əsas müsabiqə proqramı üçün tammetrajlı bədii filmlər seçilir. Adətən filmlərin sayı 20-dən çox olmur. Onların seçimi ilə festivalın direktoru və beş ekspertdən ibarət komissiya, habelə xarici mütəxəssislərdən ibarət məsləhətçilər qrupu məşğul olur. Seçilmiş filmlər onların adları rəsmi elan edilənə qədər tam məxfi saxlanılır. Festivalın əsas müsabiqəsinin beynəlxalq tərkibli münsiflər heyətinə təxminən 7-9 adam – kino, incəsənət və mədəniyyət xadimləri daxildir.

Festivalın baş mükafatı - “Qızıl şir” ən yaxşı filmə görə təqdim edilir. Ən yaxşı rejissora “Gümüş şir”, ən yaxşı kişi roluna və ən yaxşı qadın roluna görə Volpi Kuboku, ən yaxşı gənc aktyora, yaxud aktrisaya Marçello Mastroyanni mükafatı, ən yaxşı ssenariyə, operator işinə, böyük texniki nailiyyətlərə görə “Osella” mükafatı da təqdim edilir. Bundan əlavə, gənc kinematoqrafçıların ən yaxşı birinci və ikinci işləri mükafatlandırılır, ən yaxşı peşəkar-yaradıcı əməkdaşlığa görə mükafat və festivalın bütün seksiyalarının işinin yekunlarına görə Luici Di Laurentis mükafatı təqdim edilir.