00:00 - 24 İyul 2017

Bu gün Azərbaycanın tanınmış rejissoru, xalq artisti Yalçın Əfəndiyevin doğum günüdür.

 

Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib. Hələ 9-cu sinifdə oxuyarkən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq üçün Moskvaya getməyi arzulayıb. Lakin valideynlərinin təkidi ilə Geoloji coğrafiya fakültəsinə daxil olub. Həmin illərdə ÜDKİ-də ilk dəfə ali təhsilli qrup təşkil olunacağını eşidib. Artıq ali təhsili olduğu üçün həmin təhsil ocağına düşməyə şansı yaranıb və ÜDKİ-yə daxil olub. Orada 5 il müddətində Lev Kuleşov və Boris Belokurovdan rejissorluğun sirrlərini öyrənib.

 

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gələndən sonra bir il assistent işləyib. Daha sonra Süleyman Dəmirəl haqqında kinojurnal çəkib.

 

"Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib. "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filmi uğurlu işlərindəndir. Bu filmə görə yaradıcı heyət - ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülüblər.

 

Yalçın Əfəndiyev bir müddət "Azərbaycanfilm" kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib.

"Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan''cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub.Sənədli filmlərilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir.

 

Yalçın Əfəndiyev hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

 

Bu gün 80 yaşı tamam olan Yalçın Əfəndiyevi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti və üzvləri ürəkdən təbrik edir, görkəmli kinorejissora möhkəm can sağlığı, yaradıcıllıq uğurları arzulayır.