00:00 - 27 Fevral 2017

Bu gün Azərbaycanın tanınmış kinooperatoru ssenarist prodüser Rafiq Quliyevin doğum günüdür.

 

Rafiq Quliyev 27 Fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1975 -ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 

1981-ci ildə Azərbaycan Dövlət Incəsənət İnstitunu bitirib.

Rejissor M.Kosırevlə çəkdiyi "Gənc Mixailin görüntüsü" adlı diplom filmi xüsusi diqqət çəkərək Monreal film festivalında "Ən yaxşı film" və "Ən yaxşı fantaziya" mükafatlarına layiq görülüb və festival rəhbərliyi tərəfindən "Tələbə Filmlərinin Ümumdünya Proqramı"na salınaraq London, Berlin, Rimini, eləcə də digər film festivallarında nümayiş etdirilib.

1991-ci ildən bədii filmlərin ali dərəcəli quruluşçu operatorudur. Kinostudiyada çalışmaqla yanaşı 1999-2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb və Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdıran "Xəzərdən dünyaya" verilişinin Asiya və Avropa ölkələrinə yayımını təşkil edib.

2001-ci ildə "Lider" televiziyasında "Azərbaycan" redaksiyasını yaradıb və 2001-2004 cü illər ərzində müxtəlif səpkili 237 televiziya filminin ərsəyə gəlməsinə rəhbərlik edib.

1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunun  "Kino rejissoru və operator sənəti" kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2005-ci ildən həmin kafedranın dosentidir. 2008-ci ildə "Azərbaycan səssiz kinosunun təsvir irsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Sənətşünaslıq namizədidir. Onlarla elmi məqalənin, tədris proqramı və metodik göstərişin, dərs vəsaiti və dərsliyin müəllifidir. 

 

2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Rafiq Quliyevi doğum günü münasibətiylə ürəkdən təbrik edir, ona yaradıcıllıq uğurları arzulayır.