00:00 - 18 Yanvar 2017

Azərbaycanın görkəmli kinorejissoru, ssenarist, Azərbaycanın xalq artisti, "Milli Kino" mükafatı laureatı Eldar Quliyevin doğum günüdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, yanvarın 18-də məşhur rejissorun doğum günüdür

Eldar Quliyev Səhhətində yaranan problemlərlə bağlı yubileyini evdə qeyd edir.

Kinorejissor həmçinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Milli Kino" mükafatına da layiq görülüb.

 

Qeyd edək ki, Eldar Tofiq oğlu Quliyev 1941-ci il yanvarın 18-də Bakıda, böyük bəstəkar Tofiq Quliyevin ailəsində dünyaya gəlib.

1960-1966-cı illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb.1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir.

1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmır. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. Bununla yanaşı, "Ən vacib müsahibə", "Var olun, qızlar...", "Ürək...Ürək", "Nizami", "Nə gözəldir bu dünya", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib.

 

Eldar Quliyev həm də bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.